“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, “Qala Sığorta” ASC-nin baş sponsorluğu ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “ASAN Məktub" yaz düşərgəsi həyata keçirilib.
Düşərgədə 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrindən 8-14 yaş kateqoriyasında olan 70 uşaq iştirak edib.
“Sevinc paylaşdıqca çoxalır” şüarı ilə həyata keçirilən layihənin məqsədi həssas qrupa aid uşaqların bacarıqlarını inkişaf etdirmək, onların cəmiyyətə adaptasiya olmalarını təmin etməkdir.
28-31 may tarixində Şamaxı rayonunda həyata keçirilən layihə çərçivəsində uşaqlar üçün öyrədici təlimlər, teatr tamaşaları, əyləncə saatları, müxtəlif mövzularda maarifləndirici görüşlər, ustad dərsləri, psixoloqların iştirakı ilə təlimlər və konsultasiyalar baş tutub.
Düşərgənin ilk günündə iştirakçılar düşərgənin proqramı barədə məlumatlandırılıblar. Ardınca “İdeya generasiyası” mövzusunda təlim baş tutub. Həmçinin 28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” proqramı çərçivəsində məktublar yazılıb.
Növbəti gün “SİMART” Sağlam İnkişaf Platformasının birgə əməkdaşlığı ilə nağıl generasiyası həyata keçirilib, animasiyalar izlənib və balacalarla müzakirələr keçirilib. “Mədəniyyət Carçısı” proqramı tərəfindən “Eko Tıq-Tıq xanım” tamaşası və Azərbaycan Skautlar Assosiasiyasının liderləri tərəfindən “Axtar tap” intellektual yarışı baş tutub.
Düşərgənin son günündə “Bilim Bakı” mərkəzi tərəfindən texnologiya, təbiət və astronomiya mövzusunda seminarlar və bağlanış mərasimi reallaşdırılıb, iştirakçılara hədiyyələr təqdim olunub.
“ASAN Məktub - Yaz Düşərgəsi” boyunca uşaqlar əyləncəli və interaktiv vaxt keçirməklə yanaşı, sosial və yaradıcılıq bacarıqlarını da inkişaf etdiriblər.
Dəstəkçilər: “İnnovasiyalar Mərkəzi” MMC; “Bilim Bakı” mərkəzi; “SİMART” Sağlam İnkişaf Platforması;, Azərbaycan Skautlar Assosiasiyası;, ”Özünü Yarat Ebru sənət mərkəzi” MMC.
Media tərəfdaş: ASAN TV, ASAN Radio.