"İslam bankçılığı və maliyyəsi" təlimi keçirilib
Təlimdə islam bankçılığı ilə ənənəvi bankçılıq arasında fərq, islam maliyyə alətləri və tətbiqi mexanizmləri və s. tədris olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Katılım Bankaları Birliyi arasında əməkdaşlıq çərçivəsində maliyyə bazarları sahəsində bilik və bacarıqların artırılması məqsədilə 1-3 may tarixlərində Türkiyənin İstanbul şəhərində "İslam bankçılığı və maliyyəsi" təlimi keçirilib.
Tədbirdə İqtisadiyyat Nazirliyinin, Azərbaycan Mərkəzi Bankının, Sahibkarlığın İnkişafı Fondunun, KOBİA-nın və ölkənin aparıcı banklarının nümayəndələri iştirak ediblər.
Təlimdə islam bankçılığı ilə ənənəvi bankçılıq arasında fərq, islam maliyyə alətləri və tətbiqi mexanizmləri, maliyyə vəsaitlərinin toplanması və idarə edilməsi mövzuları tədris olunub.
Eyni zamanda təlim səfəri çərçivəsində iştirakçılar Türkiyənin maliyyə bazarlarının tənzimləyici qurumlarında və peşəkar bazar iştirakçıları ilə görüşlər keçiriblər.
Təlim iştirakçılarına sertifikatlar verilib.