Qazaxıstanın tələbə və magistrları “Bakı KOB evi”ndə olublar
Tələbə və magistrlar KOB evinin iş prosesi ilə tanış olub, KOB evi konsepsiyası barədə sualları cavablandırılıb.
Ölkəmizə səfər çərçivəsində “ADA” Universitetində təcrübə keçən Qazaxıstanın “Almatı İdarəetmə Universiteti”nin bir qrup tələbə və magistrı “Bakı KOB evi”ndə olub.
KOB evinin fəaliyyəti ilə tanış olan heyətə “Bakı KOB evi”nin nümayəndələri tərəfindən mərkəzdə sahibkarlara göstərilən G2B və B2B xidmətlər barədə məlumat verilib. Qeyd olunub ki, KOB evi modeli biznesə xidmətlərin göstərilməsi sahəsində yeniliklərdəndir və ölkəmizə səfərə gələn bir çox xarici nümayəndə heyətləri tərəfindən müsbət təcrübə kimi qiymətləndirilir. KOB evlərində sahibkarlıq fəaliyyətinin planlaşdırılmasından etibarən biznesə başlamaq, onun qeydiyyatı və inkişafı üzrə dövlət və özəl qurumlar tərəfindən müxtəlif xidmətlər göstərilir. Burada həmçinin, Startap İnkişaf Mərkəzi fəaliyyət göstərir.
Sonra tələbə və magistrlar üçün KOB evi konsepsiyası barədə təqdimat keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.