Qəbələdə özünüməşğulluq proqramına qoşulmuş vətəndaşlarla görüş keçirilib
Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunmuş vətəndaşlar biznesin qurulması və inkişafı üçün dəstək mexanizmləri barədə məlumatlandırılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Qəbələdə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunmuş 20-yə yaxın sahibkar, İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala regional bölməsinin, Sahibkarlığın İnkişafı Fondunun, Dövlət Məşğulluq Agentliyinin, Aqrar Xidmətlər Agentliyinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri iştirak ediblər.
Görüşdə özünüməşğulluq proqramının sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün əlverişli imkanlar yaratdığı qeyd olunub, proqram çərçivəsində müvafiq avadanlıqlarla təmin edilmiş vətəndaşların sahibkarlıq fəaliyyətinə başlaması və fəaliyyətlərini genişləndirməsi üçün dəstək alətləri, o cümlədən dövlətin güzəştli kreditləri, KOBİA-nın biznesin qurulması və inkişafına dəstəyi barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, KOBİA özünüməşğulluq proqramına cəlb olunan vətəndaşların bizneslərini qurması və inkişaf etdirməsi üçün məsləhət xidməti, güzəştli maliyyə resurslarına, bazarlara çıxış, təlim, biznes planın hazırlanması kimi istiqamətlərdə dəstək və xidmətlər göstərir. Agentlik həmçinin, özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların proses barədə məlumatlandırılması, qeydiyyatı, əlaqələndirilməsi və digər zəruri istiqamətlərdə də dəstək olur.