Mərkəzi Bankın dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası, “Türkiye InsurTech Hub” və “New Generation Management Company”nin birgə təşkilatçılığı ilə aprelin 16-da Bakı Konqres Mərkəzində “Azərbaycan İnsurtech Zirvəsi” tədbiri keçirilib.
Hər iki ölkənin maliyyə bazarını təmsil edən üç yüzə yaxın nümayəndənin iştirakı ilə keçirilən tədbirdə ölkənin sığorta bazarının texnoloji transformasiya gündəmində duran əsas məsələlər müzakirə olunub. Həmçinin tədbir çərçivəsində təşkil olunan panel müzakirələrində Türkiyə sığorta şirkətlərinin rəqəmsallaşma sahəsindəki təcrübələri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov “Azərbaycan İnsurtech Zirvəsi”nin Türkiyə sığortaçılarının təcrübələrinin öyrənilməsi, eləcə də onlarla əməkdaşlığın formalaşdırılması və gücləndirilməsi istiqamətindəki əhəmiyyətini vurğulayıb. Sədr həmçinin Mərkəzi Bankın ölkənin sığorta bazarının davamlı inkişafını təmin etməyə və sektorun rəqəmsal transformasiyasını dəstəkləməyə xidmət edəcək prioritetlərindən danışıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışlarında texnoloji transformasiya sahəsində ölkədə həyata keçirilən təşəbbüslərdən bəhs ediblər. Daha sonra tədbir panel müzakirələr formatında davam etdirilib.