Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriya şöbəsinin birinci kurs həkim-rezidenti Eltun Əzizov 15 mart 2024-cü il tarixində saat 14.00-da “Laboratoriyada pre-analitik mərhələ və onun əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edəcək. Mərkəzi Gömrük Hospitalının konfrans zalında əyani və zoom vasitəsilə gerçəkləşdiriləcək bu seminara Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyasının həkimləri, müxtəlif tibbi laboratoriyalarda çalışan mütəxəssislər, həkim-bioloqlar, həkim-rezidentlər və tibb tələbələri iştiraka dəvətlidir.İştirak üçün aşağıdakı keçiddən qeydiyyata düşmək tələb olunur. Qeydiyyatdan keçən tibb mütəxəssislərinə telefon və ya e-mail vasitəsilə təsdiq məktubu göndəriləcək. Virtual qoşulmaq istəyənlər üçün isə Zoom link göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/tD2xfs.
Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalı keyfiyyətli tibb xidmətlərinin göstərilməsi ilə yanaşı respublikada tibbi kadrların hazırlanması prosesində də aktiv iştirak edir. Tibbin bir çox sahələri üzrə mövcud olan rezidentura proqramları çərçivəsində hospitalda 50-dən çox həkim-rezident çalışır. Hospitalın klinik şöbələrinin təcrübəli həkimləri ilə çiyin-çiyinə çalışaraq pasiyentlərin müalicəsini aparmaqla yanaşı, həkim-rezidentlər həmçinin öz bilik və bacarıqlarını hər gün genişləndirir.
Buna dəstək məqsədilə hospitalda artıq ənənəvi olan həftəlik və aylıq seminarlar, təlim kursları və kiçik konfranslar mütəmadi olaraq təşkil edilir. Həmin tədbirlərdən həm həkimlər, həm də həkim-rezidentlər, tələbələr və tibb bacı və qardaşları da daim bəhrələnir. Təcrübəli həkimlər tərəfindən keçirilən seminarlarla yanaşı, həkim-rezidentlər də müxtəlif aktual mövzular üzrə təqdimatlarla çıxış edir, maraqlı müzakirələrə qatılır.