Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ölkə səviyyəsində təşkil olunmuş təbliğat və maarifləndirmə layihəsinin birinci mərhələsi uğurla başa çatmışdır.
İlkin mərhələdə ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri və sosial media kanalları vasitəsilə aparılan maarifləndirmə kampaniyasında əhalidə və biznes dairələrində sığorta sahəsində risk mədəniyyətinin inkişaf etdirilməsi başlıca prioritet olmuşdur.
Layihə çərçivəsində radio və televiziya kanallarında 60-dan çox maarifləndirici verilişlər təşkil olunmuş, yazılı mediada isə 90-a yaxın reportaj və xəbərlər dərc olunmuşdur. Sığorta sahəsində çox sayda müxtəlif məzmunlu maarifləndirici və təbliğat materialları hazırlanaraq effektiv media kanalları vasitəsilə geniş əhatədə yayımlanması təmin olunmuşdur. Şəhərin mərkəzi nöqtələrində yerləşdirilən skroller, tumba, həştaq kimi çöl reklamlarından istifadə olunmuş, avtobuslarda, taksilərdə və yaşayış binalarının liftlərində reklamlar yerləşdirilmişdir.
Nəticədə əhali və biznes dairələrinə onların üzləşdiyi risklər, risklərin yarada bilələcəyi itkilərin qarşısının alınmasında sığortanın faydasına dair marifləndirici mesajlar verilmişdir. Kommunikasiya materialları təxminən 4 milyon baxış əldə etmişdir.
Layihə çərçivəsində görülən işlər sığorta bazarının artım templərində də özünü göstərməyə başlamışdır. 2021-ci ilin yekunlarına əsasən sığorta haqlarının həcmi əvvəlki illə müqayisədə 16% artmışdır.
Sığorta savadlılığının artırılması layihəsi növbəti ildə də davam etdiriləcək, əhaliyə sığorta sinifləri ilə bağlı maarifləndirici məlumatlar ötürüləcəkdir.
Sığorta maarifləndirilməsi ilə bağlı video-çarx