Baki, FinanceTime. 24 iyul 2017-ci il tarixində “Excelsior Hotel & Spa Baku” otelində “AtaSığorta” ASC brifinq keçirdi. Tədbirdə “AtaSığorta” ASC İcbari Sığorta şöbəsinin müdiri Fariz Hacızadə 2017-ci ilin 6 ayı ərzində şirkətin fəaliyyəti ilə bağlı iştirakçılara məlumat verdi. Fariz Hacızadə bildirdi ki, xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir. Yeni açılmış filial və nümayəndəliklər Bakı şəhəri və bölgələrdə yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcəkdir. Bütövlükdə “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 50-dən artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.
“AtaSığort”a ASC müştərilərinə 24 könüllü və 4 icbari sığorta növü üzrə sığorta xidmətləri göstərir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası və s. vardır. Tədbirin sonunda Fariz Hacızadə iştirakçıların suallarını cavablandırdı.
“AtaSığorta” ASC 2004-cü ildən etibarən tam lisenziyalı sığorta fəaliyətini həyata keçirir. Təsisçisi “AtaHolding” olan şirkətin nizamnamə kapitalı 12 mln. 400 min manat olmaqla, aktivləri 31 mln. manata yaxındır. “AtaSığorta”,həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir “AtaSığorta” ASC İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.