Müsahibə - Nizami Mehdiyev
           

Bakı

+23°   +33°

    
            satış  
            alış  
    
  AMB kursu  /  Məzənnələr

Müsahibə - Nizami Mehdiyev


"AtaHoldinq" ASC-nin Marketinq və Kommunikasiya Departamentinin Direktoru
Marketinq sahəsində 7 ildən çox təcrübəm var. Bu illər ərzində əsasən menecment sahəsində - mütəxəssis, baş mütəxəssis, menecer, direktor vəzifələrində çalışmışam. İş təcrübəm çoxşaxəlidir, amma daha çox bank sahəsində işləmişəm.

Bundan əlavə, gündəlik təlabat məhsulları, qida sənayesində kommersiya müdiri kimi də özümü sınamışam. Başqa maraqlı layihəm Azərbaycanda onlayın alış-veriş saytına rəhbərlik etmək idi. Konsaltinq sahəsində də təcrübəm var. Belə ki, şirkətlərə marketinq, reklam, planlama üzrə məsləhət ximətləri göstərmişəm.


Bu qədər fərqli işlərdən sonar necə oldu ki, bank sektorunda işə başladınız?

Konsaltinq sahəsində çalışarkən bir çox banklara, maliyyə sahəsində çalışan qurumlara marketinq xidmətləri göstərirdik, reklam məsləhətləri verirdik. Bunun əsasında 2008-ci ildə Unibanka gəldim.

Bir neçə mərhələdən ibarət imtahanı keçib işə qəbul oldum. Unibankda korporativ biznesin inkişafı bölümündə marketinq sahəsini inkişaf etdirmək lazım idi. Bu, çox maraqlı idi. Müəyyən zaman çərçivəsində korporativ bölümün çox yüksək səviyyədə inkişafına nail olduq.

Bundan sonra bankın ümumi marketinq departamentinə təyin edildim və fəaliyyətimi burada davam etdirdim. Unibankda çalışdığım 3 (üç) il müddətində bir çox böyük və uğurlu lahiyələrə imza atdıq – bankın plastik kart dövriyyəsi və pul köçürmələrinin yüksək artımına nail olduq, bir çox kredit və deposit üzrə kommunikasiya lahiyələri həyata keçirildi, Azərbaycanda ilk dəfə olaraq Futbol üzrə Premyer Liqanın Baş sponsor olduq və beləliklə bankın Strateji hədəfinə uyğun olaraq pərakəndə bazar seqmentinə keçid başladı.

Bəs necə oldu ki, Unibankı tərk etdiniz?

Üç il bu bankda çalışdıqdan sonra hiss etdim ki, təhsilimi xaricdə yaxşı bir universitetdə davam etdirməliyəm. Çünki Azərbaycanda aldığım təhsil arzularımı reallaşdırmaq üçün yetərli deyildi. Buna görə 2010-cu ildə Unibankdan ayrılaraq Fransanın NEOMA Biznes Məktəbində MBA (Biznesin idarəolunsması) dərəcəsi alaraq ixtisasımı artırdım. Fransadakı iki illik təhsilimin bir ilini dərslərdə fiziki olaraq iştirak etdim.

İkinci il isə diplom işi yazmalı idim və paralel olaraq şirkətlərdə layihələrdə iştirak edə bilərdim. Mən də 7-8 ay “Delta qrup” şirkətində çalışdım. Ondan sonar AtaHoldinqdə işə başladım. Artıq 1 il 3 aydır ki, burada çalışıram.

İşinizin xüsusiyyətlərindən danışardınız. Hər halda Azərbaycanda tanınmış şirkətlər qrupunun marketinq işini aparmaq o qədər də asan olmamalıdır.

İşim çox maraqlıdır və bu günə qədər əldə etdiyim təcrübələrin toplumudur. AtaHoldinqin daxilində bir çox sahələri idarə edən şirkətlər - həm bank, həm sığorta, həm qida məhsulu, həm turizm, həm informasiya texnologiyaları sahəsində fəaliyyətt göstərən şirkətlər var.

Daha öncəki təcrübələrimdən irəli gələrək bu şirkətlərə çox tez bir zamanda adaptasiya oldum. Mənim burada işə başladığım dövr bizim AtaHoldinqdə yeni bir mərhələnin – şirkətlərin mərkəzləşdirilmiş qaydada idarə edilməsi modelinin başlanğıcı idi.

Əslində məni cəlb edən məqam da elə bu oldu. Çox çətin, amma uğuruna inandığımız bir layihə idi. Çünki xaricdə holdinq şirkətlər bu təcrübədən böyük məharətlə istifadə edir və bu, holdinqin gəlirliyi, imici baxımından çox önəmlidir. Holdinq özü bir brenddir.

Holdinqə daxil olan şirkətlər fərqli istiqamətlərdə fəaliyyət göstərmələrinə baxmayaraq, əgər fərqli strategiyalarla inkişaf etdirilsələr, o zaman holdinqdə ayrılmalar müşahidə ediləcək, bütöv bir brend formasında fəaliyyət göstərmək mümkün olmayacaq. Bunun üçün ilin əvvəlindən qarşımıza qoyduğumuz strateji məqsədlərə nail olmaq üçün bir çox lahiyələrə başladıq və hazırda davam edirik.

Bunlara ümumi CRM lahiyəsini, daxili İntranet portalının qurulması işinin başlanılmasını, AtaHoldinqə daxil olan şirkətlər arasında çarpaz satış planlamasının həyata keçirilməsini və s misal göstərə bilərik.

Sözsüz ki, bütün bu tədbirlərin məntiqi davamı olaraq AtaHolding 10 il və AtaBank 20 il tədbirlərini xüsusi vurqulamaq istərdim. Azərbaycan reklam tarixində ilk dəfə olaraq “Kölgələr teatrı” iştirakı ilə AtaBank 20 il reklam filmi çəkilmişdir və uğurla kommunikasiya edilmişdir.

Uğur qazanmağınızın səbəbi nədir?

Ümumiyyətlə, uğur qazanmağın əsas səbəbi həm özünə inanmaq, həm daim özünü inkişaf etdirmək və çox işləməkdir. Mən karyerist bir insanam.

Karyerada inkişafı çox sevən insan olduğum üçün müəyyən bir müddət işlədikdən sonra qərara gəldim ki, yeni uğurlar əldə etmək üçün ixtisasını artırmaq, yeni beynəlxalq təcrübə qazanmaq üçün MBA təhsili çox önəmlidir. Fransanın top 10 universiteti

və Avropada Biznesin İdaredilməsi sahəsində ən yaxşı 20 universitetdən biri olan Neoma Business School-da təhsil aldığım zaman yüksək səviyyəli biliklə bərabər, həmçinin də bir çox beynəlxalq şirkətlərdə müxtəlif lahiyələr üzrə təcrübə keçdim.

Dörd nəfərdən ibarət qrup şəklində çalışdığımız lahiyə Fransada müstəqil investorlar tərəfindən ən yaxşı lahiyə kimi seçilmişdir. Bundan əlavə Çinin Şanxay şəhərində yerli şirkətlərin Avropa bazarlarına daxil olma strategiyasının hazırlanmasında iştirak etdik və həmin şirkətlər tərəfindən lahiyəmiz böyük rəğbətlə qarşılanmış və ondan yararlanmışdırlar.

Gənclərimizin əksəriyyəti işsizlikdən şikayət edir. Amma siz xeyli yerdə işlədiyinizi sadaladınız. Işsizlikdən şikayətlənən gənclərimizə nə demək istərdiniz?

AİESEC Beynəlxalq təhsil və işədüzəlmə qrupu məni mütamadi olaraq tələbələr üçün mühazirələr oxumağa, təcrübə bölüşməyə dəvət edir və burada perspektivli gənclərə görüşmək, söhbətləşmək şansım olur.

Onlar da hər zaman bu yöndə suallar verirlər, iş axtarmaq üçün hansı işlərin görülməsi ilə əlaqədar maraqlanırlar. Ümumiyyətlə xarici universitetlərdə bununla ciddi məşğul olurlar və universitet vaxtından gəncləri bu yöndə hazırlaşdırırlar. İndiyədək çalışdığım sahələrdə bütün işləri özüm tapmışam, yaxud da işlər məni tapıb, yəni dəvət olunmuşam. Doğrudur, yaxşı iş tapmaq asan deyil, amma bunun üçün gərək sənin fərqli cəhətlərin olsun. Marketinqdə də belə bir şey var, məhsulun fərqli olmalıdır ki, bazarda özünə yer tapa bilsin.

Gənclər öz üzərlərində yaxşı işləməlidirlər, yaxşı təhsilləri, gözəl kommunikasiya bacarıqları olmalıdır. Bəzi insanlar var ki, gözləyir, kimsə ona iş təklif edəcək. Özüm də belə insanlara rast gəlirəm ki, deyir, iş tapa bilmirəm. Soruşuram, harasa müraciət etmisənmi, dostlarından bir şey soruşmusanmı, onların işlədiyi şirkətlərlə maraqlanmısanmı? Orada nə iş görürlər, nə edirlər, hansı sahədə onlarda vakansiyalar olduğunu soruşmusanmı? Məncə, çalışmaq lazımdır.

Əslində iş tapmaq olar, amma özün istədiyin, səni xoşbəxt edə biləcək, uğur qazanacağın işi tapmaq ola bilsin bir ay, iki ay və daha çox müddət çəkir. Amma çalışmaq lazımdır. Özünü inkişaf etdirməlisən ki, uğurlu iş tapmaq mümkün olsun. İnsanın gözəl menecerlik qabiliyyətinin və gözəl xüsusiyyətlərinin olması da uğurlu iş tapmaq üçün əsasdır. Kollektivdə işləmə, ünsiyyət qurmaq vacib faktorlardadndır. İnsanları tanımaq çox önəmlidir.

Uğurlu iş axtarışına çıxmamışdan, işsizlikdən şikayətlənməmişdən öncə, sizcə, ixtisas təhsilindən əlavə günümüzün tələbi olan ingilis dilini öyrənmək, kompyuter bacarıqlarını inkişaf etdirmək vacibdir?

Əlbəttə. Bu gün vakansiyaların yerləşdirildiyi saytları açsaq, görərik ki, tələblərdən ilk gözəgörünəni həmin sahə üzrə biliklərdir, müasir qloballaşma şəraitində xarici dil kimi ingilis dili çox önəmlidir.

İngilis dilindən əlavə digər xarici dilləri bilməyin özü də üstünlükdür. Bundan başqa, gündəlik işlərdə lazım olan kompyuter bacarıqları əsas götürülür.

Daha çox maaş almaq üçün gənclərimizin çoxu bank sektorunda işləməkdə maraqlıdır. Bank sektorunda çalışmaq istəyən gənclər nə etməlidir?

Ölkəmizdə bank sektoru rəqabətli və inkişaf edən sektorlardan biridir. Buna görə, açığı, bank sektorunda işə düzəlmək heç də asan deyil.

Baxmayaraq ki, bu sektorda işçiyə ehtiyac var. Bankların tələbləri çox yüksəkdir və bu tələblərə uyğun özümüzü inkişaf etdirməliyik. İlkin olaraq bank sektorunda işə düzəlmək üçün təbii ki, təcrübə çox önəmlidir.

Məsələn, universitet zamanı son kurslarda və yaxud ali məktəbi bitirdikdən sonra müəyyən bir müddətdə banklarda, maliyyə sahələrində, sığorta şirkətlərində hansısa bir təcrübə keçmək çox önəmlidir. Bu, pulsuz təcrübə də ola bilər. Əsas məsələ hər şeyi addım-addım əldə etməkdir.

Təcrübədən əlavə, gənclərimiz banklarda işə düzəlmək üçün müsahibələrə gedərkən banklarda işləyən dostlarından, tanışlarından mümkün qədər çox məlumat almalıdırlar ki, müsahibəyə tam hazır olsunlar.

Bir az da gələcək planlarınızdan danışardınız.

Mənim əsas planım keyfiyyətli iş görməkdir. Hər bir marketoloq üçün gözəl iş təcrübəsi və yüksək səviyyəli layihələrin həyata keçirilməsi çox önəmlidir.

Ümumiyyətlə, çalışdığım hər bir şirkətdə faydalı olmağa çalışıram, əgər hiss etsəm ki, şirkətimiz üçün əlavə dəyər vermirəm bu məni demotivə edər. Buna görə də karyera planlarını qurarkən uzunmüddətli planlaşdırıram. Ümumiyyətlə mənim üçün hər hansı bir sahəyə tez adaptə olmaq heç zaman çətinlik törədməyib, lakin mənim üçün bank/maliyyə sahəsi daha cəlbedicidir və bu sahəni nisbətən daha yaxşı bilirəm.

Azərbaycanda bank/maliyyə marketinqi sahəsində gedən bütün prosesləri daima yaxından izləyirəm və holdinqimizə daxil olan AtaBank və ya AtaSığorta marketinq fəaliyyətimizi də müştərilərimizə daha yüksək xidmət və onlara daha yaxın olmaq istiqamətində həyata keçiririk.





<< geri