Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq Dr.İlqar Tahiroğlu 22 dekabr 2023-cü il tarixində saat 15.00-da “İrəliləmiş ürək çatışmazlığının menecmenti” mövzusunda təqdimatla çıxış edəcək. Tədbirdə Mərkəzi Gömrük Hospitalının kardioloqları, təcili yardım həkimləri, müxtəlif tibb müəssisələrində çalışan tibb mütəxəssisləri, həkim-rezidentlər və tibb tələbələri seminarda iştirak edə bilərlər. Dr. İlqar Tahiroğlunun seminarı Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/).
DR.İLQAR TAHİROĞLU Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində TAVİ, mitral klip, perifer damar angioplastikası, koronar angioplastika, sağ hemodinamik kateterizasiya, PFO qapadılması, ASD qapadılması, karotis stent və ürəyə kardiostimulyator yerləşdirilməsi ilə məşğul olur.
Dr.İlqar Tahiroğlu 2010-cu ildə Türkiyə Respublikasının Ondokuz Mayıs Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2010-2011-ci illərdə həmin universitetdə internatura keçmişdir. 2015-2019-cu illərdə İsrailin Hadasah Tibb Mərkəzi Universitetində kardiologiya üzrə rezidentura keçmiş, 2019-2021-ci illərdə isə Universitetin İntervensional kardiologiya və struktural ürək xəstəlikləri üzrə təhsil proqramında iştirak etmişdir.
2021-2022-ci ci ilin 1 aprel tarixində özəl tibb müəssisəsində Kardiologiya bölməsinin rəhbəri kimi əmək fəaliyyətinə başlayan Dr.İlqar Tahiroğlu 2022-ci ilin 11 may tarixindən “Fetal Mərkəz NS Genetiks” MMC-də həkim-kardioloq kimi çalışmışdır. Dr. İlqar Tahiroğlu 28 iyun 2022-ci ildən Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq kimi fəaliyyət göstərir.
O, 2021-ci ildən I.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında müəllim kimi çalışır. Dr.İlqar Tahiroğlu öz üzərində daim çalışan, dünya mətbuatında tibbin ən yeni nailiyyyətlərini izləyən, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda iştirak edən, bilik və bacarıqlarını artıran və işində tətbiq edən təcrübəli kardioloqdur.