İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının tələbələri öz bilik və praktiki bacarıqlarını Mərkəzi Gömrük Hospitalının klinik bazasında artırırlar.
İkitərəfli əməkdaşlıq memorandumu çərçivəsində İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının IV, V, və VI kurslarının tələbələri «Fövqəladə hallar təbabəti», «Daxili xəstəliklər» və digər fənlər üzrə praktiki dərsləri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının klinik bazasında keçirlər.
Belə ki, Mərkəzi Gömrük Hospitalının bazasında tələbələrə tədris edilən «Fövqəladə hallar təbabəti» kursunun proqramına uyğun olaraq, “Fövqəladə hallarda əhalinin çeşidlənməsi və təxliyəsi”, "Qıcıqlandırıcı kimyəvi mayelərlə zəhərlənmələr", "Texniki maddələrlə intoksikasiya", "Radiasiyadan qorunmanın tibbi vasitələri və radiasiya qəzaları zamanı tibbi yardım", "Nəqliyyat, partlayıcı və yanğın təhlükəli fövqəladə hallarda tibbi yardımın təşkili" və digər aktual mövzular üzrə təcrübə seminarları təşkil olunur.
Mərkəzi Gömrük Hospitalının bazasında yaradılmış unikal elmi və kliniki tədris şəraiti tələbələrə müasir səviyyədə həm nəzəri biliklərin, həm də praktiki bacarıqların öyrədilməsinə və onların mənimsənilməsinə imkan verir.
Fotoda: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının altıncı kurs tələbələrinə Mərkəzi Gömrük Hospitalında praktiki məşğələ dərsləri keçən zaman.