Mərkəzi Gömrük Hospitalının pediatrı Təranə Göyüşova “Günəşin aktiv şüalarından qorunmaq üçün hansı saatları seçmək lazımdır?” mövzusunda ətraflı məlumat verib.
Dəniz sahilində günəşin aktiv şüalarından qorunmaq üçün düzgün saatların seçilməsinə diqqət yetirmək lazımdır. Dəniz havası təbii antioksidantdır. İnsan orqanizminin oksigenlə doyması gərginliyi azaldır, iş qabiliyyətini artırır, yuxunu yaxşılaşdırır, yorğunluğu aradan qaldırır, pozitiv emosiyalar bəxş edir. Dəniz havasında Mendeleyev cədvəlinin demək olar ki, bütün elementləri var. Dəniz atmosferində orqanizmə çox faydalı olan yod, selenium, brom kimi nadir elementlər var.
Hər bir valideyn dəniz havasının uşaqlar üçün faydalarını bilməlidir. Dəniz kənarında gəzintilər uşaqların payız-qış aylarında virus xəstəliklərinə müqavimət göstərməsinə kömək edir. Çalışın yay aylarında uşaqlarınızla 3-4 həftə hər gün dəniz sahilində dincələsiniz. İlk 1-2 həftə iqlim şəraitinə uyğunlaşmaya sərf olunacaq və bundan sonra bərpa başlayacaq. Dəniz sahilində hava və faydalı maddələrlə nəfəs almaq uşaqlarınız üçün çox faydalıdır.
Bir məqamı da mütləq qeyd etmək istərdim ki, günəş şüaları ilə bağlı bəzi vacib qaydaları unutmaq olmaz. Günəş şüalarının vitamin D ilə zəngin olması və uşaq orqanizmində onun çatışmazlığı olarsa, bunun uşaqlarda raxit xəstəliyinin əmələ gəlməsinin başlıca səbəbi olduğunu hamı bilir. Ona görə də, dəniz sahilində uşaqların səhər saat 10-a qədər gəzib əylənməsi məsləhətdir. Belə ki, uşaqlar dəniz sahilində istirahət edərkən, həddən artıq günəş altında qaldıqda dərinin yanması, günvurma və s. kimi fəsadlar yarana bilər. Saat 11-dən sonra onların kölgəlik olan yerlərdə dincəlmələri məsləhətdir. Gün batana yaxın və sonrakı vaxtlarda uşaqların yenə açıq sahildə əylənmələri məsləhətdir.
Dəniz sahilində müntəzəm gəzintilər zamanı orqanizmdə maddələr mübadiləsi sürətlənir, ionlaşmış hava insan orqanlarını oksigenlə zənginləşdirir. Dəniz havası həmişə təmiz olur. Bu havada toz, qazlar və allergenlər olmur.