Baki, Finance Time. Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası İctimai Birliyi Rusiya Lizinq Assosiasiyaları və Belarus Lizinqverənlər Assosiasiyası ilə birlikdə yeni yaradılmış Beynəlxalq Lizinq Birliyi adlı qeyri-kommersiya təşkilatını qeydiyyatdan keçirib.
Birliyin əsas fəaliyyət istiqamətlərindən biri dövlətlərarası koordinasiya orqanları ilə müştərək şəkildə beynəlxalq lizinqin bütün vacib inkişaf istiqamət və proqramlarını işləyib hazırlamaq, beynəlxalq lizinqin inkişaf etdirilməsinə yönəlmiş milli qanunvericiliyin hazırlanmasında iştirak etməkdir. Həmçinin BLB, beynəlxalq təşkilatlarda üzvlərinin iqtisadi, ticarət, ictimai maraqlarını və hüquqlarını təmsil edəcək.
Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyasının (ALŞA) sədri Elçin Əhmədovun şərhinə əsasən, yeni qeydiyyatdan keçmiş Beynəlxalq Lizinq Birliyinin (BLB) məqsədi Birlik dövlətlərinə aid subyektlərin inteqrasiya proseslərini aktivləşdirmək, onların iqtisadi potensialın gücləndirməkdir.
Lizinq Birliyi bu subyektlərin maliyyə, əmlak, intellektual və digər maraqlarını təmsil və müdafiə edəcək, Birliyin fəaliyyəti çərçivəsində beynəlxalq lizinq üzrə vahid informasiya bankı yaradılacaq. Həmçinin yeni təşkilat gələcəkdə lizinq şirkətlərinin fəaliyyətini dəstəkləmək məqsədi ilə birja, elmi-araşdırma, marketinq araşdırmaları həyata keçirməyi, təcrübə mübadiləsi aktivləşdirmək üçün seminarlar, konfranslar, sərgi və işgüzar görüşlər keçirməyi nəzərdə tutur.