Baki, FinanceTime. 28 oktyabr 2016-cı il tarixində Bakı Fond Birjası (BFB) özünün “Bilik mübadiləsi proqramı” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzinin dəstəyi ilə UNEC-də keçirdiyi “Kapital Bazarları Həftəsi” adlı master-klass təlimləri yekunlaşmışdır. Təlimlər 24-28 Oktyabr 2016-cı il tarixlərində keçrilmişdir.
UNEC-in maliyyə laboratoriyasında təşkil olunmuş və 5 gün davam edən master-klass təlimlərində, BFB-nin mütəxəssisləri Kapital Bazarlarına dair müxtəlif mövzularda: “Azərbaycan Kapital Bazarı”, “Kapital Bazarları alətləri və ticarətin təşkili” “Kapital Bazarlarının imkanları”, “Fond Birjasında Listinq”, “Qiymətli kağızları kütləvi ticarət olunan Şirkət Olmağın Üstünlükləri”, “IPO”, “İnvestisiya Qərarlarında Mühasibat Uçotunun Rolu” mövzularında öz bilik və təcrübələrini təlim iştirakçıları ilə bölüşmüşlər. Master-klass təlimləri tələblər arasında böyük maraqla qarşılanmışdır.
Təlimlərin son günündə tələbələr arasında “Kapital Bazarlarında ticarət” – elektron simulyasiya oyunu keçirilmişdir. BFB tərəfindən hazırlanmış simulyasiya oyunu platforması virtual maliyyə bazarında ticarət əməliyyatlarının icrasına və qiymətli kağızlar portfelinin idarə edilməsinə əsaslanır.
Tədbirin bağlanış mərhələsində universitetin adından çıxış edən UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri iqtisad elmləri doktoru Əvəz Ələkbərov Kapital Bazarları mövzusunda belə təlimlərin keçirilməsini yüksək qiymətləndirmiş və təşkilatçılara öz təşəkkürünü bildirmişdir. Daha sonra Bakı Fond Birjasının İdarə Heyətinin sədrinin müavini Vüqar Namazov Kapital Bazarları mövzusunda peşəkər təcrübənin bölüşməsinə əsaslanan “master-klass” formatlı təlimlərin universitetlərdə keçirilməsinin önəmliliyindən bəhs edərək, təlimlərdə göstərilən dəstəklərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinə öz təşəkkürünü bildirdimişdir.
Sonda tələbələrə BFB-tərəfindən iştirak sertifikatları və hədiyyələr təqdim olunmuşdur.
BFB özünün “Bilik Mübadiləsi Proqramı” çərçivəsində maarifləndirmə istiqamətində müxtəlif layihələr həyata keçirir. Bura kapital bazarlarına dair video materialların və animasiyaların hazırlanması, kitab, broşur və digər çap materialların paylanılması, tələblər arasında müsabiqə və təlimlərin keçirilməsi, təcrübə proqramlarının təşkili və s. aiddir. Ötən il tələbələr arasında “Gənc İnvestor 2016” müsabiqəsi təşkil edilmişdir.
BFB-nin maarifləndirmə materialları tələbələr, investorlar, emitentlər və Kapital Bazarlarına dair bilik əldə etmək, habelə biliklərini artırmaq istəyən hər kəs üçün nəzərdə tutulmuşdur.
BFB-nin maarifləndirmə materialları və həyata keçirdiyi maarifləndirici layihələr barədə BFB-nin internet səhifəsinin (www.bfb.az ) “Maarifləndirmə” bölməsindən ətraflı məlumat əldə etmək olar.